Qiyamət nə vaxt qopacaq?

«İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər…» (Ənbiya surəsi, ayə 1)
Qiyamət nə vaxt qopacaq?..
Qiyamət günü haqqında heç məlumatı olmayana rast gəlmək çətindir. Az da olsa, hər birimiz dünyanın sonu və qiyamətin qopacağı barədə nələrsə eşitmişik. Və heç şübhəsiz ki, onun dəhşətindən də az və ya çox xəbərdarıq. Bəziləri bu məsələyə lazımınca ciddi yanaşmasalar belə, ilahi kitablarda Allah-Təalanın vəd etdiyi kimi, bu gun mütləq olacaq: «Qiyamət günü mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur…» (Həcc surəsi, ayə7). «Allahın vədi haqdır və qiyamətin qopacağına heç bir şəkk-şübhə yoxdur!» deyildiyi zaman «Qiyamət nədir, bilmirik! Onun ancaq bir zənn, güman olduğu qənaətindəyik. Biz əmin deyilik!», – deyə cavab verirdiniz!» (Casiyə surəsi, ayə32)
Bəs qiyamət günü nə vaxt olacaq? Qiyamətin qopacağı gün nə zamandır?

Əlbəttə, ilahi kitablarda bu gün barədə geniş danışılsa da, onun konkret tarixi ilə bağlı məlumat verilmir: «Camaat səndən o saat (qiyamətin nə vaxt qopacağı) barədə soruşar. (Ya Peyğəmbər!) De: «Onu ancaq Allah bilər!». Nə bilirsən, bəlkə də, o saat (qiyamət) yaxındır». (Əhzab surəsi, ayə63).
Buna baxmayaraq, sevimli Peyğəmbərimiz Həzrət Məhəmmədin (s.ə.s) hədislərində Qiyamətin əlamətləri, Qiyamətdən əvvəl baş verəcək hadisələrin geniş təsviri verilir.
Vaxt yaxınlaşır…
Qiyamət qopacağı zaman dünya həyatı sona çatacaq. Həmin gün Yer kürəsinin, Günəşin, ulduzların, bir sözlə, bütün kainatın axırı olacaq. Nəzərə alsaq ki, kainatın ömrü milyardlarla illə ölçülür, Qurandakı vəddən 14 əsr keçməsi elə də uzun zaman kimi nəzərə gəlmir. Hər halda, hər ötürdüyümüz gün bizləri qiyamətə daha da yaxınlaşdırır! Böyük alimlərdən biri bu məsələ ilə bağlı hikmətli bir fikir söyləmişdir:
«Quranda Qiyamətin yaxın olduğu bildirilir. Bu qədər dövr keçəndən sonra gəlməməyi onun yaxın olduğuna xələl gətirmir. Belə ki, Qiyamət dünyanın əcəlidir. Dünyanın ömrü ilə müqayisə ediləndə min və ya iki min il, bir illə müqayisədə bir-iki gün və ya bir-iki dəqiqə kimidir. Qiyamət saatı ancaq bəşərin əcəli deyil ki, onun ömrü ilə müqayisə edilib gec olacağı qəbul edilsin».
Qiyamət necə baş verəcək?..
Qiyamət günündə yaşanacaq hadisələrin ümumi təsviri Quranda açıqlanmaqdadır: «(Yadda saxla! Qiyamət günü) elə bir gündür ki, Yer (yer kürəsi) başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq (Yer dəyişib başqa cür yer, göylər də başqa cür göylər olacaq; onların mahiyyəti, şəkli o qədər dəyişəcək ki, tanınmaz hala düşəcəklər) və bütün insanlar (qəbirlərindən çıxıb haqq-hesab üçün) hər şeyə qalib olan tək Allahın hüzurunda duracaqlar!». (İbrahim surəsi, ayə 48).
Başqa ayələrdə oxuyuruq: «Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə! (O gün müşriklərə elə bir aclıq üz verəcəkdir ki, gözləri aranlıq gətirib yerlə göyün arasını, sanki bir duman bürüdüyünü görəcəklər!) (Elə bir duman ki) insanları saracaqdır. Bu, şiddətli bir əzabdır! (Belə bir bəlaya uğrayan müşriklər deyəcəklər:) «Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar. Biz həqiqətən iman gətirəcəyik!” (Duxan surəsi, 10-12-ci ayələr).
«Onlara deyilən söz yerinə yetdiyi (Qiyamət yaxınlaşdığı) zaman onlar üçün yerdən (möminlərlə kafirləri xüsusi nişanla bir-birlərindən ayıran) bir heyvan çıxardarıq ki, onlarla danışıb (Bizim adımızdan): «İnsanlar ayələrimizə inanmırdılar!» deyər». (Nəml surəsi, ayə82).
Amma Quranda buyurulan bu ayələr artıq qiyamətin qopması ərəfəsində baş verəcək hadisələri əks etdirir. Onları Qiyamətin böyük əlamətləri də adlandırırlar. Lakin sevimli Peyğəmbərimiz Həzrət Məhəmmədin (s.ə.s) açıqlamaları məhz Qiyamətin yaxınlaşacağından xəbər verən hadisələr – kiçik əlamətlər haqqındadır ki, dövrümüzün insanları artıq onların şahididirlər…
Əlamətlər göz önündə…
Həzrət Məhəmməd Peyğəmbərin (s.ə.s) Qiyamətdən əvvəl baş verəcək hadisələr haqqında söylədikləri artıq göz önündə canlanır. Hədislərdə oxuduğumuz Qiyamətin kiçik əlamətləri olduqca çoxdur. Həmin əlamətlərdən bəzilərilə tanış olaq:
– Həzrət Məhəmmədin (s.ə.s) son ilahi peyğəmbər olması
Həzrət Adəmdən (ə) başlayaraq bəşəriyyətə çoxlu sayda peyğəmbərlər göndərilmişdir. Hədislərdə deyildiyi kimi, onların sayı 124 min olmuşdur. Lakin Quranda buyurulduğu kimi, Həzrət Məhəmməd (s.ə.s) artıq sonuncu peyğəmbərdir və ondan sonra daha peyğəmbər gəlməyəcək! Bu o deməkdir ki, artıq dövranımız “axirəz-zamandır”, yəni zamanların sonudur. Peyğəmbərimizdən bu barədə belə dediyi rəvayət edilir: «Mən Qiyamət gününün küləyi ilə göndərilmişəm»; «Mən bəşəriyyətə Qiyamət saatıyla birlikdə göndərilmişəm…».
– Fitnə-fəsadın aşkara çıxması
Çirkin işlər hər zaman hər bir cəmiyyətdə mövcud olub. Amma əsasən bu işlər «səhnə arxasında» görülüb və insanlar bu çirkinliklərini cəmiyyətdən gizlətməyə, zahirən aşkar etməməyə çalışıb. Hədislərin birində Peyğəmbərimiz belə buyurmuşdur: «İrəlidə bir çox fitnələr aşkara çıxacaq. Bu fitnələr zamanı yatan kimsə, oyaq olandan, oturan kimsə ayaqda durandan, ayaqda duran kimsə yürüyəndən, yürüyən kimsə qaçandan xeyirlidir. Hər kim fitnə vaxtına yetişərsə özünü qorusun! Bu fitnə-fəsaddan gizlənmək üçün yer taparsa gizlənsin…».
– Müsəlmanların yəhudi və xristianlar kimi keçmiş ümmətlərin yolu ilə getməsi
İslamın zühuru ilə bu dinə iman gətirənlər cəmiyyətin ən elitar təbəqəsinə çevrilirdilər. Az bir zamanda savadlanan bu icma orta əsrlərin ən qabaqcıl elmi-texnoloji nailiyyətlərini əldə etməyə müvəffəq oldu. Digər din mənsubları da bir çox məsələlərdə özlərini müsəlmanlara bənzətməyə çalışırdı. Həzrət Peyğəmbərimiz (s.ə.s) hədislərin birində Qiyamətin yaxınlaşma əlamətlərindən biri kimi bunu vurğulamışdır: «Həqiqətən siz əvvəlkilərin adət-ənənələri ilə gedəcəksiniz. Hər bir şeydə onlara qarış-qarış oxşamağa çalışacaqsınız. O dərəcəyə qədər ki, onlardan biri kərtənkələ yuvasına girsə belə, siz də onun ardınca girəcəksiniz». Müsəlmanlar: «Ya Rəsulullah! Sən Yəhudi və Xristianları nəzərdə tutursan?», – deyə soruşduq. Peyğəmbər: «Onlardan başqa kimlər olacaq?», – deyə buyurdu. Günümüzdə müsəlmanlar bir çox hallarda öz zəngin mədəniyyətinə arxa çevirib kütləvi halda hər cəhətdən özünü digər din mənsublarına bənzətməyə çalışır. Qiyamətin bu əlamətinin hər birimiz şahidiyik…
– İnsanların gözü qarşısında zinaların artması
Çirkin işlərin ən abırsızlarından olan cinsi əxlaqsızlıq tarixən cəmiyyətdə kütlələr tərəfindən kəskin şəkildə pislənilib və bu işi görənlər öz əməllərini gizlində görməyə çalışıblar. Hədislərdə bildirilir ki, Qiyamətin əlamətlərindən biri də bu abırsızlığın insanların gözü önünə çıxarılması, cəmiyyətdə adi hala çevrilməsidir: «İnsanlar heç bir kəsdən utanmadan eşşəklərin bir-biri ilə cinsi əlaqədə olduqları kimi qadın kişi bir-birləri ilə cinsi əlaqədə olarlar. Qiyamət də onların üzərində qopar!» Qiyamətin əlamətlərinə dair başqa bir hədisdə deyilir ki, kişi qadını elə yoldaca uzadacaq və yaxşı insanlar isə xəcalət çəkib deyəcəklər: «Yaxşı olardı ki, sən o divarın arxasında gizlənəydin…». Günümüzdə pornofilmlərin adi hala çevrilməsi, bir çox ölkələrdə isə bu səhnələrin elə küçədə-bayırda təzahür etməsi Peyğəmbər hədisinin zamanının gəlib çatdığının göstəricisidir.
– Qohumluq əlaqələrinin kəsilməsi
Tarixən cəmiyyətdə qohumluq əlaqələri olduqca mühüm rola malik olub. İnsanlar arasında bu ilişkilər onların təbiətindən qaynaqlanır. Sevimli Peyğəmbərimiz qohumluq əlaqələrinin kəsməsinin və qonşuluq münasibətlərinin pisləşməsinin çoxalmasını Qiyamət əlamətlərindən biri kimi səciyyələndirib. Müasir zəmanəmizdə bu tendensiya günü-gündən durmadan inkişaf etməkdədir.
– Məscidlərin və Quranın bəzədilməsi
İlkin dövrlərdə məscidlərin bəzəyi əsas etibarilə ora gələn saf qəlbli insanlar, həqiqi möminlər olub. Zahiri görkəm isə ikinci, üçüncü planda olub. Bir sıra hədislərdə bildirilir ki, zaman gələcək, məscidin zinəti zahiri bərbəzəklər olacaq və məscidə verilən önəm ora gələnlərlə deyil, bərbəzəklərlə ölçüləcək. Hədislərdə, həmçinin, bütün bunların Qiyamət əlamətlərindən olduğu açıqlanır. Bir zamanlar müsəlmanların da öz məscidlərini yəhudilərin və xaçpərəstlərin etdikləri kimi bəzəyəcəkləri haqqında xəbər verilir. Günümüzdə bir çox belə halların şahidi oluruq. İnsanları məscidin mənəvi ab-havasından, ora gələn insanların imanından-təqvasından daha çox, ibadət evinin bərbəzəyi düşündürür…
Quran da ilahi kəlamları öyrənmək və onlara əməl etmək, öz həyatlarını onun əsasında qurub dünya və axirət səadətinə nail olmaq üçün oxunurdu. Bu ilahi kitabın mənəvi gözəlliyi göz önünə alınırdı. Lakin hazırda daha çox Quranın zahiri bəzəyi və onun avazla, gözəl səslə oxunuşu, daha dəqiq desək, içində buyurulanlar deyil, oxuyanın səsi və oxuma məharəti dəyər kimi qəbul edilir.
– Sələmçiliyin və rüşvətin artması
Hədislərdə Qiyamətin əlamətləri sırasında sələmçiliyin və rüşvətalmanın cəmiyyətdə çoxalması da vurğulanır. İnsanlar bir-birinə borc verməkdən çəkinəcəkləri, ən doğma adamlarına belə faizlə pul verəcəkləri, təmənna güdmədən yardım əli uzatmaqdan qaçındıqları bildirilir. Xəbər verilir ki, Qiyamətdən öncə haqq-ədaləti pulla, maddi təmənna ilə satın alan rüşvətxorlar çoxalacaq və rüşvətxorluq adi hala çevriləcək. Günümüzün insanı, əfsuslar olsun ki, artıq bütün bunların da şahididir…
– Ərəbistan yarımadasının bağçalara çevrilməsi
Məlum olduğu kimi, Ərəbistan yarımadası – Hicaz, öz iqlim şəraitinə görə əsasən quru, qumlu çöllüklərdən ibarətdir. Burada bağçalı yerlərə nadir hallarda rast gəlmək olardı. Halbuki 20-ci əsrdə Ərəbistan yarımadasının Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və Oman kimi ölkələrində saysız-hesabsız gözoxşayan bağlar-bağçalar salınmışdır. Bu gözəlliklər içində artıq o quraqlıq səhralardan əsər-əlamət gözə dəymir. Bu əlamət də dövrümüzdə artıq gerçəkləşdi…
Artıq şahidi olduğumuz bu əlamətlərlə yanaşı, hələ gerşəkləşməmiş bir sıra digər hadisələr də hədislərdə yer almaqdadır. Bunların sırasında İmam Mehdinin (ə) və Həzrət İsa Peyğəmbərin (ə) zühur etməsi, yalançı Məsihin – Dəccalın çıxması, Yəcuc və Məcuc tayfalarının hücumu, Günəşin qərbdən doğması və s. kimi əlamətləri göstərmək olar. Onlar haqqında isə daha geniş açıqlamalarla növbəti saylarımızda tanış ola bilərsiniz..

Qiyamət nə vaxt qopacaq?” üzərinə 5 şərh

  1. rzahuseyn

    Sende sagol Qosqar mellim.Senin melumatlarina catmasada isletme usaxlarinin teleblerine uygun bir seyler yazmaga calisiram.
    Senin blogun ehate dairesi genisdi. Ona gorede bele melumatlari sende yerlesdirsen lap cox oxuyan olar bir oqederde tesiri olar..
    Gelecem insallah..

    Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma