Linkolna məktub və ya Dəli “DƏLİ”…

“Xoşbəxtliyi iradəmi düzgün istiqamətləndirməklə tapdım…”

A.Linkoln

Linkoln, bağışla, səni adınla çağıracağam. Ya da heç bağışlama. Öz işindir. Sənə bir sualım var. Yox, xoşbəxtliyin nə demək olduğunu soruşmayacağam. İradənin nə olduğunu soruşmaq istəyirəm. Nədir iradə? Öz iradəmi necə kəşf edim? Bilirəm ki, az da olsa iradəm var, amma hardadır, harda gizlənib, onu necə tapım? Bax, bunları bilmirəm. Bilirsən niyə? Çünki “düzgün istiqamət”in hansı tərəf olduğunu bilmirəm. “Düzgün istiqamət”i hər kəs mənim üçün fərqli izah etdi. Deyilənlər o qədər fərqli idi ki, onları yığıb–yığışdırıb bir yerə toplamağı da bacarmadım. Və nə qədər ki, bunu bacarmıram iradəmə də bir elə böyük ehtiyacım yoxdur. Bu gün iradəmi kəşf etsəm onu hansı istiqamətə yönəldəcəm? İradəsiz də işlərim pis getmir. Nəyimə gərək əlavə cavabsız suallar? İnanmırsan, eləmi? İnanma…

Sənə çox şeydən danışmaq istərdim. Ancaq haradan başlayacağımı bilmirəm. Deyirəm, bəlkə elə uşaqlığıma qayıdım, elə ordan başlayım hər şeyi danışmağa? Nə deyirsən, razısan? O zaman qulaq as, daha doğrusu oxu… Oxu…

Deməli belə…

Doğulduğumu xatırladığımı desəm inandırıcı olmayacaq yəqin ki? Odur ki, deməyəcəm. Heç bunun yazmaq istədiklərimə də bir aidiyyatı yoxdur. Yazmaq istədiklərim iradəmi formalaşdıran “təsirlərdir”. Hələ bu gün öyrəndim ki, sən demə mən subyektmişəm… Ətrafımda hər nə varsa obyekt. Yəni mən də kimin üçünsə obyekti təşkil edən, subyekt olmağa “çalışan” “standart” məhsulam. Niyə standart? Çox şey dəyişib, Linkoln, çox şey…

Uşaq idim… Körpə… Anamın qoxusu üçün darıxdım bir gün. Ağladım. Halbuki, anam heç on dəqiqə deyildi ki, məndən ayrılmışdı. Kimsə ağzıma rezin bir şey qoydu. O vaxt bunu niyə etdiklərini anlamadım. Böyüyəndə başa düşdüm ki, mənə verdikləri əmzik idi. Ağlamamağım üçün vermişdilər. Bu mənim ilk istəyim idi. Anamı istəyirdim və elə o an istəyimin üstündən bir xətt çəkdilər. İstəyimi əvəz edib, qəbul etdirdilər… O zamankı bütün istəklərimin bax bu cür qarşılandı…

Sonra bir az böyüdüm. Hər kəsin iki ayağı üstündə gəzdiyinin fərqinə vardım. Mən də iki ayaq üstünə qalxdım və yıxıldım. Amma incitmədi. Səhəri gün mənə nəsə diyircəkləri olan arabaya saldılar. Sonralar öyrəndim ki, bunun adı “monej”dir və yeriməyi öyrətmək üçündür. Təbii görünür, eləmi? Heç də elə deyil. Axı manej olmasaydı yeriməyi özüm öyrənəcəkdim. Əlbəttə, yıxılmaqdan qorxardım. Amma ən qorxulu olan “Onsuz da yıxılmayacağam” deyə düşünmək deyilmi?! Yıxılmamaq şərt deyil. Şərt yıxıldıqdan sonra yenidən ayağa qalxmağı bacarmaqdır. Nə anladın? Nə demək istədiyimi başa düşdünmü? Əgər başa düşmədinsə ardını oxumağının da bir mənası yoxdur. Onsuz da anlamayacaqsan…

Sonra… Bir dəfə gözümü bir şey cəlb etdi… İçinə nəsə atırdılar və o işıqlanırdı. Eyni zamanda hər tərəfə istilik yayılırdı. Ona yaxınlaşdım. Əlimi uzatdım ki, ona toxunam. Yenə kimsə dilləndi: “Dəymə… Buuub… Yanar əlin…” Amma mənim üçün maraqlı qaldı. Axı nədir bu? Demə, adı odun sobası imiş. Bunu da böyüyəndə öyrəndim. Amma… Məni yanmağa qoymadılar… Dedilər incidər… İnciməyi, ağrı hiss etməyin, onun öhdəsindən gəlməyi öyrətmədilər mənə…

Sonra… Orta məktəb sərgüzəştlərindən, o zamanımdan heç danışmayım. Ümumiyyətlə orta məktəbdən mənə tək qalan bax bu hərf yığını oldu ki, onlar da birləşib söz, cümlə, hekayə əmələ gətirir və bunların köməkliyi ilə mən fikrimi ifadə edirəm. Doğru düşünürsən. Dilim də var. Amma mənə dillə doğrunu danışmağın lazım olduğunu desələr də, öyrətmədilər. (Ən yaxşı nəsihət: yaxşı örnək olmaqdır._Malcolm X)

Təhsilin faydalarından danışdılar mənə… Dedilər təhsil yolunu seçənlər çox əziyyət çəkmir, rahat pul qazanır, xoşbəxt olurlar. Pul və xoşbəxtlik… İlk dəfə xoşbəxtliyin futbol oynamaqda, rəsm çəkməkdə, dənizi seyr edib yağışda islanmaqda, gülümsəməkdə deyil məhz pulda olduğunu öyrətdilər mənə. Sonralar başa düşdüm ki, “Xoşbəxtlik və bədbəxtlik anlayışları nisbidir. Biz kiməsə nəzərən xoşbəxt və ya bədbəxt ola bilərik. İndiki halımız bəlkə də kiminsə xoşbəxtlik arzusudur. Ya da bəlkə sabah biz dünənimizə baxıb “Xoşbəxt idim” deyəcəyik. Bizdən xoşbəxti də, bizdən bədbəxti də həmişə olacaq. Həm də elə düşünməməliyik ki, bütün arzularımız həyata keçəndən sonra biz xoşbəxt olacağıq. Bu yanlış fikirdir. Qaldı ki, sevgiyə… Nə olur olsun sevgi gec-tez bitir… Arzularımıza çatsaq da, çatmasaq da… Odur ki, müvəqqəti olan bir hissə görə əzab çəkməyə dəyməz. Ən böyük xoşbəxtlik bilmirəm nədir. Amma ən böyük bədbəxtlik xoşbəxtliyimizi pul və sevgi ilə sıx əlaqələndirməyimizdir…” Amma bu nəticəyə çox-çox sonralar gəldim. O zamanlar isə təhsil almağa qərar verdim. Təhsil almaq xətrinə deyil, gələcəkdə pul qazanıb xoşbəxt olmaq xətrinə. Seçdim… Texniki elmlər… Tələbat olan sahə üzrə ixtisas… Min cür zir-zibil…

Hər kəs “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol” deyə nəsihət və məsləhət verirdi. Amma nədənsə hər kəs “Göründüyü kimi olmağa” can atırdı və nəticədə “Olmadıqları kimi görünürdülər”. Cümlənin birinci hissəsini tamamilə unutmuşdular: Olduğun kimi görün… Olduğu kimi görünənləri mənə “DƏLİDİR” deyə təqdim etdilər. Dəliliyin tərifini də bu cür verdilər mənə. Hər kəs mənə ağıllı olmağı öyrətməyə çalışırdı. Öz-özlüyündə də hər kəs ağıllı idi. Demə, bu dünyanın dəlilərə ehtiyacı yoxmuş… Ancaq mən ağıllı olmağa çalışmağın dəlilik olduğunu dəlilərdən öyrəndim…

Risk, cəhd, inam, arxa, güc, qorxu və s. və i. kimi hər şeyin tərifini mənə səhv öyrətdilər. Hətta səhvin tərifini belə səhv öyrətdilər.

Bir gün ətrafımda olan insanların həyatı ilə maraqlanmağa başladım. Rəhmətlik Murad kişini seçdim oriyentir olaraq. Doğulub, böyüyüb, təhsil alıb, hərbi ximətə gedib, ailə qurub, işləyib, uşaqlarını böyüdüb, qocalıb, təqaüdə çıxıb və ölüb… Onun oğlu da doğuldu, böyüdü, hərbi xidmətə getdi, ailə qurdu, indi də işləyir. İki uşağı da var. Onlar da doğulublar və böyüyürlər… Çox adamın həyatına baxdım. Fərqli heç nə görmədim. Tanıdığım bir dəlinin həyatına üz tutdum. Doğulub və yaşayır… Bir gün o da öləcək… Eyni başlanğıc və son… Doğulmaq və ölmək… Dəli ol, ağıllı ol, fərqi yoxdur… Bilirəm, indi düşünəcəksən ki, əgər fərqi yoxdursa, elə ağıllı kimi də yaşayıb-ölmək olar. Olar, əlbəttə… Amma…Bir “amma”sı var… Ağıllı başqalarının istəkləri ilə, başqalarının cızdığı çərçivə daxilində, başqalarının həyatını yaşayır. Dəlinin isə lüğətində “çərçivə” sözü yoxdur. Özü istədiyi kimi, özü arzu etdiyi kimi yaşayır. Mənim lüğətimə isə “çərçivə” sözü böyük hərflərlə yazılıb…

Linkoln, xoşbəxtlik deyirsən, iradə deyirsən, istiqamət deyirsən, amma… Mənim lüğətimdə bunların da tərifi yoxdur. Daha doğrusu var, yanlışdır sadəcə. Mənim lüğətimdə qara hərflərlə qalın-qalın yazılmış bir söz var. “ASAN” sözü. Bax, mənim istiqamətim budur. Seçə biləcəyim yüz istiqamət belə olsa gedəcəyim yol üzərində “ASAN” yazılan yol olacaq. Sən də, mən də, bizim kimi bütün insanlarda bilirlər ki, o yolda nə xoşbəxtlik var, nə də iradə gərəkdir o yolla getmək üçün. O yolu iradəlilər, xoşbəxtlik axtarışında olanlar, bəlkə də onu tapanlar çəkib. Ona görə çəkiblər ki, həqiqi xoşbəxtliyə gedən yolda tıxac yaranmasın… Ya da o yolu elə bizimkilər çəkib… İradəsizlər…

Mənə fəlsəfəni pisləyib, filosofları “DƏLİ” adlandıran cəmiyyətdən bir günlük ayrılanda başa düşdüm nələr itirdiyimi… Nələri itirdiklərini… Özümü tapdım orda. Dəli olmağı sevdim. Hətta arzuladım da…Yalanın tərifini Nitsşe öyrətdi mənə:

– Yalnız məntiqlə hərəkət etmək yalana gətirib çıxarır. Məntiq hələ hər şeyi həll etmir.

– Hər şeyə görə yalanlara borcluyuq. Yalan gözümüz görə-görə həyati zərurətə çevrilmişdir.

– Mən yalnız yalanı yalan kimi dərk etdikdən sonra həqiqətin nə olduğunu anladım.

– Həqiqətin düşmənləri yalanlar yox, inamlardır.

Minnət duydum Nitsşeyə. “Ağıllı” olmağın əslində ən böyük yalan olduğunu və bizi çox şeydən məhrum etdiyini mənə anlatdığı üçün. Nitsşe bir söz də dedi: “Həqiqətin düşməni inamdır”. Mən həqiqətin nə olduğunu bilmirəm. Çünki inamım artıq formalaşıb, Nitsşe… Səni tanımayanda formalaşdırıblar… Özümü tanımamaq üçün…

Oxuduqca daha çox şey öyrəndim Nitsşedən:

“İnamsızlıq… Dünya üzərində heç vaxt olmamış, görünməmiş bir inamsızlıq. Hər şeyə, hər kəsə qarşı şübhə! Həqiqətə çatmağın yeganə yolu budur. Gərək sağ göz sol gözə etibar etməsin və bir müddət işıq qatı qaranlığa-qərq olsun. Bu sizin getməli olduğunuz yeganə yoldur… Siz həmin yolun üstündə xırdaca, bərkimiş buğda dənləri görəcəksiniz-bunlar həqiqətlərdir. On illər boyu acından ölməmək üçün ovuc-ovuc yalanla qidalanmalı olacaqsınız və bunların yalan olduğunu bilməyəcəksiniz”

Nitsşe, mənə ilk buğda dənini – ilk həqiqəti sən yedirtdin…

Linkoln, niyə Nitsşe? Deyim bil: “Hər cür xoşbəxtlik ehtirasları boğmaq və iradəni susdurmaqla yaranır”. Bunu da Nitsşe deyib…

Sonra “Niels Bohr”dan öyrəndim ki, “Mütəxəssis, dar bir sahədə edilə biləcək bütün səhvləri etmiş adama deyilir”. O vaxtadək elə bilirdim mütəxəssis səhvsiz, səhv etməmiş adama deyilir…

Sonra öyrəndim ki, “Köynəyin ilk düyməsi səhv düymələnincə, digərləri də səhv gedər (C. Bruno)”

Sonra Sədi Şirazi ürəyimə toxuna bildi: “ Uşaqlarınızı quzu kimi böyütməyin ki, gələcəkdə quzu kimi güdülməsinlər”

Mənə başqa nə öyrətdilər? “Tək əldən səs çıxmaz” , “Azlıq çoxluğa tabedir” kimi cəfəngiyyatları. İndi Napaleonun şücətləri düşür yadıma. Qeyri-mümkünlüyü axmaqların lüğətində olan bir söz kimi dəyərləndirirdi. “Hər kəsə qulaq asaram, amma öz doğru bildiyimi edərəm” deyirdi. Yox, Napaleon, yox… Mən bunu hələ ki, bacarmıram… Çünki mənə “doğru”nun da tərifi yanlış verildi…

Linkoln, bizi qorumaq istəyənlər əslində bizim düşmənlərimizdir. Bizi öldürürlər onlar. Məni öldürürlər və özlərini yaradırlar məndə. Mən dönüb “onlardan biri” oluram. Bir hekayə danışım sənə:

Bir gün kürt yatan toyuğun yumurtalarına təsadüfən bir qartal yumurtası qarışır. Vaxt keçir yumurtadan cücələr çıxmağa başlayır, böyüyürlər. Bir gün qartal yumurtasından çıxan cücə anasından-toyuqdan soruşur:

– Ana, o havada uçan nədir elə?

– Qartaldır – deyir anası.

Bir müddət sonra həmin cücə yenə soruşur:

– Ana, bəs biz niyə uçmuruq?

– O vəhşi quşdur, biz isə ev quşuyuq. O əhliləşməyib – deyir.

Cücə böyüdükcə içindəki uçmaq arzusu da şiddətlənir və bir gün yenə anasına deyir: “Ana, mən də uçmaq istəyirəm…” Anası dimdiyi ilə o cücənin-qartal yumurtasından çıxan cücənin başına vurur və deyir: “Cücəsən, otur oturduğun yerdə”.

Linkoln, deyirlər insanın uzun müddət istifadə etmədiyi orqanlar fəaliyyətini gec-tez dayandırır və tədricən heç olmamış kimi yox olmağa başlayır. Düşünürəm ki, bəlkə bizim də nə vaxtsa qanadlarımız olub. Sonra isə onları tədricən qırıb atıblar…

Linkoln, oğluna “Hər kəs bir-birinə qoşulmuş eyni yolu gedərkən, kütlənin dalınca düşməyəcək qədər güclü olmağı” və “Ulayan bir insan kütləsinə qarşı qulaqlarını tıxamağını” öyrədilməsini istəmisən. Ancaq mənim atam mənim üçün bunları istəməyib. Çünki, seviblər məni və bu sevgi onların gözlərini kor edib. Sən isə, oğlunu sadəcə sevmisən… Nizami Gəncəvi demişkən: “İnci bir saflığı varsa da suda, Artıq içiləndə dərd verir o da”. Əslində, valideynlərim də buna oxşar sözlər deyirdi mənə… Ancaq “sözlər”… Malcolm X demişkən: “Ən yaxşı nəsihət-yaxşı örnək olmaqdır”. İndi bunları yazdığıma baxma. Vaxt gələcək mən də “Mühafizəkar ata” olacağam və yeni bir “MƏN” yaradacağam…

Linkoln, məni iradəsizliyimə görə qınama. Napaleon deyib ki, insana ucalmaq üçün iki şey gərəkdir: Qorxu və maraq. Məni “qorxmayım” deyə qorxudublar, maraqlarımı istiqamətləndiriblər, iradəmi isə məhv ediblər… İndi isə deyirlər xoşbəxt olmağa çalış. Amma özləri hələ də xoşbəxtliyin nə olduğunu bilmirlər…

İndi isə həyatımın “Təhsil” səviyyəsindəyəm… Doğulmuşam, böyümüşəm, indi isə təhsil alıram… Və gün gələr öləcəyəm…

Copy: Kitabların elektron versiyası.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma