Oruc Məmmədov: “Yaramdan qan ilə fışqırırdı ki, elə bil baş kəsmisən” – DÖYÜŞ HEKAYƏTİ

“Döyüş tariximiz” rubrikasının qonağı ilk hərbi hissənin formalaşmasında iştirak edən 34 zabitdən biri olan, Goranboyun, Kəlbəcərin müdafiəsində, Ağdərə əməliyyatında iştirak etmiş, ağır yaralanaraq ölümdən dönmüş Oruc Məmmədovdur. Azərbaycanın qəhrəman övladlarının zamanında Qarabağ problemini bir neçə saat ərzində həll etməyə qadir olduqlarını söyləyən Oruc Məmmədov hələ də qoşunlarımızın 1992-ci ildə böyük hücum əməliyyatını nədən yarımçıq qoyaraq geri çəkilməsini başa düşmür…

“Valeh Bərşadlını Səməd bəy Mehmandarova bənzətdim”

1991-ci ilin sonlarında Mili Ordu yaranırdı. Həmin vaxt ermənilərə dövlət yaratmaq üçün bizdən qoparılmış Qərbi Azərbaycandan soydaşlarımız qovulmuşdular. Mən ehtiyatda olan zabit idim, torpaqlarımızın müdafiəsində iştirak etmək üçün digər zabit və əsgərlərlə toplaşdıq. Biz Şıx qəsəbəsinə (Şixov) gəldik, burada Milli Ordunun ilk taboru formalaşırdı. İlk mərhələdə 34 zabit idik. Sovet ordusunda, ehtiyatda olmasından asılı olmayaraq hər gün zabitlərimiz, əsgərlərimiz Milli Ordu sıralarına gəlirdilər.

İlk müdafiə nazirimiz Valeh Bərşadlı gəlib gecə bizimlə görüşdü, özünün müdafiə naziri təyin olunduğunu söylədi. Biz də buna sevindik. Çünki Valeh Bərşadlı peşəkar kadr idi. Mən general Valeh Bərşadlı barədə hələ sovet ordusu sıralarında qulluq edərkən eşitmişdim və sovet ordusu sıralarında olarkən bir dəfə Valeh Bərşadlını gördüm. Əsl general idi. Valeh Bərşadlının Almaniyada sovet qoşunları qruplaşmasına rəhbərlik etməsi məni fərəhləndirdi. Şıx qəsəbəsində görüşdə də mən Valeh Bərşadlını Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğunda mühüm rol oynayan Səməd bəy Mehmandarova bənzətdim. Valeh Bərşadlı gələndə bütün zabitlər ayağa qalxdı. O, bizim fəxrimiz idi, güclü kadr idi. Gecə görüşdə Valeh Bərşadlı bizə dedi ki, mən Azərbaycan xalqına inanır, güvənirəm, güclü ordu quracağıq, həm ehtiyatda, həm də orduda hazırda bizim güclü kadrlarımız var.

Bir neçə gün keçdi, dedilər ki, müdafiə naziri artıq Valeh Bərşadlı deyil. Mən birtəhər oldum, məsələ qaranlıq qaldı. İşinin sənətkarı olmaq başqa məsələdir. Ancaq düşündük ki, ordu yaranmalıdır və başımızda da kimsə olmalıdır. Şıx qəsəbəsində ilk tabor yarandı. Rəhmətlik general Zaur Rzayev ümumi briqadanın komandiri oldu. Birinci taborun komandiri mayor Nurəddin Abdullayev idi. İlk mərhələdə ordu quruculuğu normal gedirdi. O dövrdə ermənilərin də elə qüvvəsi yox idi. Bizim tabor normal silahlansaydı, Qarabağ probleminin həlli üçün o dövrdə yetərli idi. Ancaq dövlətin daxilində o zaman ciddi çəkişmə gedirdi. Daxildən, xaricdən təzyiqlər olduğu üçün Milli Ordu mükəmməl silahlandırılmırdı. Bizi sonra hissə-hissə kəndlərin müdafiəsinə cəlb etdilər.

 

“Məğlubiyyət planının üstü açıldı”

Daşaltı əməliyyatından əvvəl bizi Bakıya yığdılar. Biz də o vaxt Şuşaya getməli idik. Bölüklər hissə-hissə Şuşaya göndərildi. Mən həmin vaxt taborda qərargah rəisinin köməkçisi idim. Sonra qərargah rəisi və mən yerdə qalan hissəni yığıb Şuşaya yola düşdük. Yevlaxdan Şuşaya uçmalı idik. Lakin Yevlağa çatanda əmr gəldi ki, siz Şuşaya yox, Xanlar-Goranboy istiqamətinə getməlisiniz, orada kömək lazımdır. Mən dedim ki, axı Xanlar və Goranboyda yerli qüvvələr var, bizim qoşunun əsas hissəsi Şuşaya gedib. Etiraz nəticə vermədi, əmrə tabe olduq. Yerdə qalan hissə ilə Goranboy istiqamətində getdik. Orada məsləhətli olmayan bir döyüş planı qurulmuşdu. Mən şəxsən o əməliyyat planına etiraz etdim. Dedim ki, mən döyüşə gedirəm, mənə rəsmi planı verin. Hər şeyi demək olmur. O əməliyyat zamanı bir iş görmür, hansısa mövqeyi götürmürdük. Güc göstərmək kimi də çıxmırdı. Dedim ki, planı verin, müzakirə edək, bu planı kim hazırlayıb? Ora uşaqları mən aparmışdım, həm də bu, tam heyətli hərbi hissə deyildi. Əsas hissə Şuşaya getmişdi. Dedim ki, uşaqların üstündə böyük mənəm, məsləhətim, fikrim olmadan onları naməlum istiqamətə aparmaq düzgün deyil, planı ortaya çıxarın, məni də Hərbi Tribunala verin, orada cavab verəcəm. Ondan sonra plan pozuldu. Bu plan hansı məqsədə xidmət edirdi, bu əmr kim tərəfindən verilmişdi, bilinmirdi. Adlar çəkilmirdi, deyilirdi ki, bizə deyilib. O, ancaq məğlubiyyət planı idi. Bu işin üstü açıldı, orada bir nəfər saxlanıldı.

Sonra bizi Sarısu ilə qonşuluqda yerləşən Goranboyun Todan kəndinə göndərdilər. Füzuli Rzaquliyev də həmin ərəfədə Sarısuda, Xanlar taborunda idi, Sarısuda mövqelərin qorunmasına o baxırdı. Todan Kəpəz dağı istiqamətində sonuncu kənddir. Sarısu mənim sağ cinahım idi. Todandakı mövqe əldən getsəydi, bu o demək idi ki, Gəncə, Tərtər, Goranboy istiqamətlərində bütün mövqelərimiz məhv olacaqdı. Çünki Todandan bu istiqamətdə artilleriya və tanklarla hər yeri vurmaq olardı. Bizə qədər Todana ermənilərin bir neçə dəfə hücumu olub. Hətta bir dəfə kəndə giriblər, Goranboy və Tərtər taborları birləşərək erməniləri oradan çıxarıblar. Kənd əhalisi də böyük şücaət göstərib. Ermənilər itki verərək geri çəkiliblər. Biz də Todanda mövqeləri möhkəmləndirdik. Dəfələrlə bizə hücum oldu. Mən orada görürdüm ki, ermənilər mövqelərinə qoşun yığırlar. Ermənilər Erkəc kəndinə yox, Mənəş kəndinə qüvvələrini yığırdılar. Çünki Erkəc bizim mövqeyimizdən solda, aşağıda yerləşirdi. Ancaq Mənəş kəndi bizim mövqelərlə üzbəüz, bir az yuxarıda idi. O, böyük kənddir. Ermənilər qüvvələrini ora cəmləşdirirdilər.

“Silahsız döyüşə girdilər…”

Mən dəfələrlə Goranboya məlumat göndərdim ki, ermənilər Mənəşə qoşun yığırlar. Bir dəfə özüm Goranboya gəldim. Goranboyda polkovnik Mehdiyev, Səlimov vardı, Müdafiə Nazirliyindən gəlmişdilər. Səlimov artıq rəhmətə gedib. Dadaş Rzayev və Balağlon Rzayevin də o vaxt orada olduğunu eşitdim. Orada hərbi kəşfiyyat da vardı. Hərbi kəşfiyyat ermənilərin qoşun yığması barədə məlumatlı olduğunu bildirdi. Mehdiyev və Səlimov mehmanxanada qalırdılar. O insanlar əraziyə cavabdeh idilər və həqiqətən də o dövr üçün güclü işləyirdilər. Görüşdük. Silahlarımız az idi. Avtomat, 1-2 pulemyotumuz vardı, digər silahlarımız yox idi. Onlar silah təchizatında mənə kömək etdilər. Ermənilər 1-2 dəfə hücum edib, cavablarını aldılar.

Ermənilər tez-tez ratsiyaya çıxıb deyirdilər ki, sizə bayram hədiyyəsi verəcəyik. Mən isə deyirdim ki, kimin kimə hədiyyə verəcəyi hələ bilinmir. Gecə-gündüz yatmırdım. Uşaqlar da tez-tez deyirdilər ki, komandir, istirahət edin. Yüngülvarı istirahət olurdu. 1992-ci il yanvarın 1-i idi. Xanlar istiqamətində Fizuli Rzaquliyev hücuma keçir, amma mənə bu barədə məlumat çatmamışdı. Gördüm ki, mənimlə üzbəüz, bir az sağda dağın döşündə döyüş gedir. Açıq sahədə qarşılaşıblar. Mən də Goranboydakı yerli komandirdən soruşdum ki, sən burada böyüksən, biz sizin tərkibinizdəyik, orada ermənilər bizimkilərlə döyüşürlər. Dedi ki, mənə əmr gəlməyib. Dedim ki, axı orada bizimkiləri üstələsələr, sonra Todanın mövqelərinə hücum edəcəklər, neçə gündür ki, qoşun yığırlar.

Ermənilərin Qarabağda güclü qoşunu yox idi, amma hər dəfə bütün qoşunu bir istiqamətə çəkib, hücum edirdilər. Həmin komandirə dedim ki, məni hərbi tribunala verərsən, hücuma keçirəm. Ermənilərin başı Xanlar istiqamətinə qarışdığı üçün bizdən yuxarı mövqedə olsalar da, hücum üçün əlverişli imkan yaranmışdı. Öz uşaqlarımızla, yerli camaatla Todan kəndində müdafiəni qurdum. Todan camaatı həqiqətən qoçaq idi. Müdafiəni ona görə qurdum ki, ermənilərin arxadan hər hansı hücumu olarsa, Todan müəyyən qədər müdafiə olunsun, ona kimi çataram.

Çevik müdafiəni qurub, planı hazırladım. Mərkəzi üzərimə götürüb, hücuma keçdik. Elə məqamda çatdım ki, erməni heç nə başa düşə bilmədi. Döyüşü xeyli çəkdiyi üçün Goranboy, Gəncə tərəfdən də hərbi qüvvələrimiz axışdılar və mən arxadan kömək gəldiyini gördüm. Sağ tərəfdən qəfil çıxıb, erməniləri qəfil sıxmağa başladıq. Ratsiya yox idi. Fizuli Rzaquliyevin uşaqlarını tanıyırdım. Çatanda dedim ki, Füzuli Rzaquliyevə deyin ki, arxaya çəkilməsin, çatmışam, birdən komanda verər, geri çəkilərsiniz, çəkilsəniz, mən təklənəcəm. Birləşdik, ermənilərin dərsini verdik. Ermənilərin tankı, ZTR-i qaçdı, onları vurmağa heç nəyimiz yox idi. Füzuli Rzaquliyev Kəpəz tərəfə qalxdı, Bala Canbaz, Böyük Canbaz adlanan mövqeləri götürdü. Mən də Mənəş tərəfə irəlilədim. Gəncə uşaqları gəldilər, silahsız-filansız döyüşə girdilər. Millət bezmişdi, ermənilərin cavabını vermək üçün susamışdı. Füzuli Rzaquliyev Canbaz tərəfdə erməni əsirləri tutmuşdu, hətta Gəncəyə də o əsirlərdən göndərildi.

“Erməni avtomat silahla onu vurmaq istəyəndə bıçağı köksünə saplamışdı”

Mənəşin aşağı hissəsində erməni qoşunları müdafiə olunurdu. Həmin anda Səlimov və Mehdi bizə kömək üçün PDM göndərmişdi. Mən Mənəş kəndini mühasirəyə alanda həmin kömək gəlib çatdı. Gəncə uşaqları əllərində bıçaqla PDM ilə səngərə qaçdılar. Bir gəncəli oğlan PDM-in yanından çıxıb və səngərdəki erməni avtomat silahla onu vurmaq istəyəndə təpiklə avtomatı vurub salmış, bıçağı köksünə saplamışdı. Millətin qeyrəti vardı, bezmişdi, onu təşkil etmək lazım idi. Erməni silahlılarından ölən öldü, qaçan qaçdı. Xəbər verdik ki, kəndləri götürmüşük. Bizə kömək, silah-sursat, ərzaq lazım idi. Uşaqlar gecə saat 1-ə qədər döyüşmüşdülər. 5 saatdan çox gözlədik, kömək gəlmədi. Erməniləri qovsaq da, onlar əvvəlcədən qoşun yığdıqları üçün qüvvələri vardı. Sadəcə, qəfil hücumla onları qovmuşduq. Ermənilər hücuma keçəcəkdilər, bizim döyüş sursatı isə yox dərəcəsində idi. Kömək gəlmədiyi üçün məlumat verdim ki, çəkilirik.

Ermənilərin hücum edəcəyini gözləyirdik, çünki biabır olmuşdular. Bir neçə gün sonra hücuma da keçdilər. Xanlar taborounun olduğu yüksəkliklərə hücuma keçmişdilər. Yenə manevr etdim, əsgərlərimizlə ermənilərin arxasına çıxdıq. Ermənilər tanklarla, PDM-lərlə gəlmişdilər. Necə qaçdılar!.. Ermənilər başa düşmədilər ki, haradan çıxdıq. Ermənilərin aldıqları yüksəklikləri geri qaytardıq. Ermənilərin hücumun əvvəlində aldıqları postlarda olan əsgərlərimiz özlərini qayadan atmışdılar. Biri sağ çıxmışdı, o birinin cəsədi tapıldı, üçüncü tapılmadı. Elə mərd oğullarımız vardı, düşmən əlinə keçməkdən ölümü üstün tuturdular. Əsgərlərimə tapşırmışdım ki, mən belə yaralı olsam, düşmən əlinə keçməyimin qarşısını almaq üçün məni vurun.

O dövrdə bu istiqamətdəki qələbələr Azərbaycan ordusu üçün böyük uğur idi. Çünki qoşun vardı, mükəmməl idarəçilik sistemi yox idi. O zaman haradasa erməninin dərsini vermək böyük iş idi. Həmin vaxt ermənilər bizim hər birimizin başı üçün pul qoymuşdular. Biz isə ratsiyada deyirdik ki, az pul qoymusuz, pul qoyursuzsa, mərifətli pul qoyun.

Sonradan bizi Bakıya çağırdılar. Mən 1992-ci il aprelin əvvəlində Bakıya gəldim. Artıq Daşaltı əməliyyatı olmuşdu. Apreldə könüllülər ləğv olundu. Dedilər ki, zabitlər qalsın, könüllü əsgərlər uzaqlaşsın. Biz razılaşmadıq. Könüllülər gedəndən sonra kim döyüşəcək? Onlar təcrübəli döyüşçülər, kadrlar idilər. Bir müddət sonra gördülər ki, yox, çatışmazlıq olur, təzədən könüllüləri saxladılar. Yeni əsgərlərimiz də oldu. Briqada yarandı. Briqadanın tərkibində birinci taborda idik. Təlimə çıxdıq. O dövrdə may ayında Laçın, sonra Şuşa getdi. Xəbər gəldi ki, Kəlbəcər də çıxır. Az təlim keçsək də, bu, kifayət edirdi. Kəlbəcərə çatdıq. Əhali geri qayıtmağa başladı. Əhali qoşun, kömək olmadığı üçün çıxırdı və kömək gəldiyini görüb qayıtdı. O zaman üçün bizim qüvvəmiz Kəlbəcərin müdafiəsi üçün kifayət idi.

“Ermənilər 3 gün matəm keçirdilər”

Az müddət sonra ermənilər hücuma keçdilər. Birinci briqada yerli əhali ilə müdafiəyə qalxdı. Həm Ermənistan, həm də Qarabağ tərəfdən Kəlbəcərə hücuma keçdilər. O döyüşləri çəkib, bu gün Azərbaycan xalqına göstərmək lazım idi. Yer-göy lərzəyə gəldi. Yerli camaat kişili-qadınlı, cavanlı-qocalı əsgərlərlə birgə döyüşə atıldılar. 3 gün qızğın döyüş getdi. Hətta ermənilər Tərtərə kimi gəldilər, Narıncları mühasirəyə aldılar, Söyüdlüdən, İstisu, Ermənistan tərəfdən hücuma keçdilər. Bütün erməni qüvvələri Kəlbəcərin üstünə qalxdı. Hamısı geri oturduldu. O zaman millətin qeyrəti göründü. O vaxt məlumat gəldi ki, Ermənistan 3 gün matəm keçirir. Yoxsa 1993-cü ilin aprelində camaatı gətirib vertolyota yığırlar, onu da çəkib bu gün də göstərirlər! O vəziyyətə salınmış millət nə etməli idi?!

Narınclar mühasirəyə alınanda Füzuli Rzaquliyev həmin kənddə idi. O dövrdə birinci briqada çox güclü idi. Ancaq sonradan bu qüvvələri mükəmməlləşdirmək lazım idi. Sonra iyulda böyük hücum oldu. Bu hücum Ağdərə və Kəlbəcər istiqamətindən oldu. Dağlıq Qarabağ problemini birdəfəlik həll etmək məsələsi qoyulmuşdu. O dövrdə Azərbaycan qoşunları üçün Dağlıq Qarabağ məsələsini həll etmək heç nə idi. Bu gün də o sözümün üstündə dururam. O vaxt hər nə var idisə, o qoşunla çox şey etmək olardı. Qoşunun hücumunu dayandırıb, oyun oynadılar.

O vaxt kənarlaşdırılmasına baxmayaraq, bu böyük hücum planını Valeh Bərşadlı hazırlamışdı. Böyük əməliyyat aparıldı, biz də Kəlbəcərdən gəlib Sərsəng SES-in körpüsündə birləşdik. Azərbaycan qoşunu sözünü dedi. O dövrdə Xankəndini də götürə bilərdik, gücümüz o dövr üçün kifayət qədər idi, itki verməmişdik. Dağlıq Qarabağ problemini artıq bir neçə saata həll etmək olardı, bizə qarşı mane yox idi, qabağımız boş idi. Ermənilərin qoşunları və kəndlərin sakinləri qaçmışdılar. Bir neçə gün sonra əmr gəldi ki, geri çəkilin. Niyə çəkilək? Dedilər ki, aşağıdakı qoşunlar çəkilib, siz də çəkilin! Briqadamız yerində idi. amma bizə də sursat lazım idi. Briqada çəkilmirdi. Mən şəxsən bir neçə gün tutduğumuz mövqedə oturdum. Bu müddət ərzində ermənilər qüvvələrini topladılar və əks hücuma keçdilər. Briqada üçün məsafə böyük idi. Aşağıda, SES-in yanında qalan hissəmiz Goranboy tərəfə çıxdı, o biri hissəmiz Kəlbəcər tərəfə çəkildi. Bir bölüyümüz döyüşə-döyüşə Goranboy istiqamətə çıxmışdı. Düşmənin xəttini yarıb, öz tərəfimizə keçmişdi. Yəni döyüşə bilməməkdən söhbət gedə bilməzdi.

“Arxadakı qoşunları kim geri çəkdi, xəbərimiz olmadı”

Biz arxadakı qoşunları kimin çəkdiyindən xəbərimiz olmadı, çünki biz yuxarıda idik. Aşağıdakı qoşunun geri çəkilməsi barədə əmri kim verdi, ondan bizim xəbərimiz yoxdur. Çünki Ermənistanın orada güclü qoşunu yox idi. Dağlıq Qarabağda 100 minə qədər erməni yaşayırsa, bunun qocasını, uşağını çıx, nə qalırdı, Ağdamın, Şuşanın, Laçının, digər rayonlarımızın nə qədər əhalisi vardı? Ermənistana gəlincə, təkcə Qarabağın əhalisi qədər Ermənistanın qoşunu yox idi. Ermənistanın o qədər ehtiyatı var idi ki, o qədər qoşunu saxlasın? Eyni qüvvələr idi, bir istiqamətdən digərinə toplayırdı. Ermənistan özü Azərbaycan üçün heç nədir, nəinki Qarabağdakı ermənilər! Amma niyə hücum dayandırılır, ləngidilirdi, bunun arxasında hansı siyasət dururdu? Biz bunu bilmirdik.

Kəlbəcərə çəkildik, bir neçə gün sonra ermənilər hücuma keçdilər. Mən Qozlu körpü tərəfdə idim, sonra Qaragöz, Həsənirs istiqamətinə çağırdılar. Həsənirs Murovun ətəyindədir. Ermənilər hücum etsələr də, geri çəkildilər. Sonra ermənilər Ağcabədi istiqamətinə hücuma keçdilər. Sonra mənə xəbər gəldi ki, sən yenə Kəlbəcərin Ağdaban kəndinə, Qozlu körpüyə qayıtmalısan. Bu kənd Ağdərə yolunda, yolun sağ tərəfində idi. Orada bizim gənc topçular vardı, amma əsgərlər yoldan tutulub gətirilənlərdən ibarət idi. Yoldan tutub gətirilən uşaqların içərisində döyüşənlər də vardı. Ancaq təcrübəsiz idilər, bu ehtiyat qüvvə dağılmışdı. Bir xarab tank vardı, bərpa etdik. Polkovnik Rəhimov vardı, indi rəhmətə gedib. Tankı o təmir etdi. Ermənilər minomyotlarla postumuzu atəşə tutmuşdular. Ermənilər yaxınlaşırdılar. 15 əsgər gətirmişdilər. Sağ, sol və mərkəzə 5 nəfər olmaqla böldüm. Mərkəzdə özüm oldum. Ermənilər geri çəkildilər.

Ağdaban istiqamətində səngər düz qazılmamışdı, bəlkə də vaxt çatdıra bilməmişdilər. Otururdun, otura bilmirdin. Dağın döşü idi, ermənilər top və pulemyotla səngərə vururdular. Orada artilleriya məni vurdu. Elə bildim ki, belim sındı. Əlimi yerə qoydum ki, görüm dura bilirəmmi. Gördüm ki, belim durdu, bütövdür. Yaramdan qan ilə fışqırırdı ki, elə bil ki, baş kəsmisən. Əsgərlərdən biri plaşı gətirdi. Bintlə yaranı bağladılar. Özümü birtəhər möhkəm tutub, özüm yeridim. Kəlbəcərə gəldim. Kəlbəcərə hospitala gətirdilər, ancaq orada ağır olduğumu söylədilər. Qalmaq istəsəm də, razılaşmadılar. Özüm də hiss etdim ki, böyrəyim və ürəyim ağrıyır. Sən demə, partlayış zərbəsi ürəyimə də təsir edib. Həkimlər dedilər ki, sən möhkəmsən, qan itirməyə dözmüsən, amma getməlisən. Get Bakıya, sağal.

Bakıda hospitala getməzdən əvvəl ailəmlə görüşmək istədim. Onu da deyim ki, mən o vaxt uşaqları qucaqlayıb öpmürdüm, soyuq görüşürdüm. Çünki istəmirdim ki, mənə çox isinişsinlər. Bunu bilə-bilə edirdim, müharibə idi, sağ qalmaya da bilərdim. Görüşdüm, sonra da hospitala gəldim…

PS. Oruc Məmmədov sonradan tam sağalmasa da, yenə də cəbhə bölgəsinə qayıdıb, torpaqlarımızın müdafiəsində iştirak edib. Atəşkəsdən sonra isə səhhətindəki problemlərə görə ordu sıralarından tərxis olunub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma