Psixoloji məqam

Qadınların avtomobil idarə etməsi ilə bağlı fikirlər müxtəlifdir. Hərə bu mövzuya öz baxış bucağından yanaşır. Bəziləri üçün bu, problem, digərləri üçün isə artıq keçilmiş yoldur. Fikirlər belə fərqli olduğu üçün bu sahədə bir çox mübahisəli məqamlar yaranır.Bu dəfə ortaya çıxan bəzi sualları cavablandırmaq üçün biz psixoloq köməyinə ehtiyac duyduq. Problemlərə bir də psixoloji tərəfdən yanaşmaq istədik. Buna görə indiyə qədər ən çox danışılan, müsahiblərimizin daha çox şikayət etdiyi məsələlərlə bağlı psixoloq Elmir Əkbərlə söhbət etdik.

– İlk sualım qadınlar və kişilər arasında mübahisələrin başlanğıcı olan məsələ ilə bağlıdır. Kim avtomobilə daha çox önəm verir? Bir qadın üçün və bir kişi üçün avtomobil nədir?

– Burda belə bir psixoloji amil var: kişi üçün avtomobil özünü reallaşdırma vasitəsidir. Belə ki, kişi qarşısına bir neçə məqsəd qoyur: “Evim olsun, işim olsun, avtomobilim olsun və evlənim”. Ancaq bu mərhələləri keçəndən sonra o özünü tam ifadə edir, bir insan kimi təsdiq edir. Avtomobil kişinin ayrılmaz bir hissəsinə çevrilir. Ancaq çox nadir hallarda rast gəlinir ki, xanımların belə məqsədləri olsun. Çox maraqlı məqamdır ki, qadınlar üçün avtomobil daha çox praktik vasitə olduğu üçün önəm daşıyır. Qadın avtomobildən işlərini tez və rahat həll etmək üçün istifadə edir. Bəzi qadınlar isə kişilərlə eyni hüquqlara malik olduqlarını, öz üstünlüklərini göstərmək üçün avtomobil sürürlər.

– Nəyə görə xanımlara bir sürücü kimi güvənmirlər? Xüsusilə bizim xanımlar bundan şikayətlənirlər.

– Ümumiyyətlə, belə anlayışlar mövcuddur: “kişi işi”, “qadın işi”. Bu, xüsusilə Azərbaycan mühiti üçün xarakterikdir. Doğrudan da, yalnız kişilərin və ya ancaq qadınların bacardığı işlər var. Lakin avtomobil məsələsində bu, bir az fərqlidir. “Çatışmazlıq kompleksi” deyilən anlayış var. Kişilər öz qadınlarından daim bir pillə üstün olmağa çalışırlar. Ancaq gördüyümüz kimi, artıq məişətdə də, işdə də qadınlar kişilərlə eyni səviyyədədirlər. Buna görə kişilər qadınlarla aralarındakı fərqi, heç olmasa, avtomobil sahəsində saxlamağa çalışırlar. Buna görə şüuraltı olsa da, qadınlara belə təzyiq, qərəzli münasibət göstərərək onların yaxşı sürücü olmadıqları barədə fikir formalaşdırırlar.

– Bəs belə münasibət qadınlara, xüsusilə sürücülüyə yeni başlamaq istəyənlərə necə təsir edir?

– Bu, insanın xarakterindən, uşaqlıqda özünə qarşı gördüyü münasibətdən asılıdır. Elə adam var ki, istənilən çətinlikdən qaçır, elələri də olur ki, çətinliklər onlara ruh yüksəkliyi verir.

– Avtomobil idarə etmək istəyən xanım bunu ətrafındakılara, qarşı çıxanlara, mane olmaq istəyənlərə necə qəbul etdirməlidir?

-Hər bir işdə olduğu kimi, bu məsələdə də kəskin addımlar atmaq düzgün deyil. Çünki belə addımlar çox vaxt uğursuzluqla nəticələnir və xanım nəticədə istəmədən özünə qarşı olanların doğru olduğunu sübut edir. Bu zaman əksinə etimad qazanmaq lazımdır ki, kənardakı insanlar sənə inansınlar. Düzdür, əks cinslə bu, bir az çətin olacaq. Ancaq burda siyasətlə hərəkət etmək lazımdır. Xüsusilə xanım öz həyat yoldaşının qəti fikirlərini yumşaltmalıdır. Bunun üçün ilk dəfə avtomobil idarə edəndə yola onunla birgə çıxmaq, onun sürücülük qabiliyyətini tərifləmək, xanımın heç vaxt öz həyat yoldaşından yaxşı sürücü olmayacağını vurğulamaq ən yaxşı çıxış yoludur.

– Xanımla yolda olduqları zaman gözləmədikləri çətin vəziyyətlərdə, qəza anlarında özlərini necə aparmalıdırlar? Deyirlər ki. belə anlara xanımlar əvvəldən hazır olmurlar və qəfil reaksiya verdikləri üçün qəza baş verir.

– Əvvəla, ilk başlayan sürücülərin hamısında (kişi, qadın – fərqi yoxdur) bu problem olur. Vaxt keçdikcə onlar hər şeyə öyrəşirlər. Lakin bəzən xanımların öz daxilində kompleksləri olur. Onlar daim narahat olurlar, hər an bir qəza baş verəcəyi ehtimalı ilə yaşayırlar. Bunun üçün xanım ilk olaraq öz komplekslərinə, qorxularına qalib gəlməlidir. Bir məqamı da yaddan çıxarmaq olmaz ki, yolda kişilər tərəfdən də müdaxilələr olur. Bu isə artıq mədəniyyətdən asılı bir amildir.

– Digər ölkələrdə xanımlar nəinki şəxsi avtomobil, hətta ictimai nəqliyyat da idarə edirlər. Nəyə görə bu, Azərbaycan mühitində belə deyil? Bunun üçün hansı şərait yetişməlidir?

– Bilirsiniz, bir neçə il bundan əvvəl (SSRİ dövründə) ictimai nəqliyyatda xanımlara rast gəlmək olurdu. (Doğrudur, onların çoxu azərbaycanlı deyildi). Heç kim də onların sürücülüyündən şikayətçi deyildi. Ancaq indi xanımların ictimai nəqliyyat idarə etmələri heç məsləhət də deyil. Çünki indi avtobus sürücülərinin mədəniyyəti o səviyyədə deyil ki, qadının əsəbləri bunu qaldırsın. Bunun üçün ilk olaraq avtobuslar, sonra da sürücülər ictimaiyyətə xidmət üçün normal vəziyyətə gətirilməlidir. Ümumiyyətlə, sürücülər həm sərnişinlərlə, həm də bir-biriləri ilə işləmək üçün minimal dərəcədə də olsa, ünsiyyətlə bağlı təlimlər keçsələr, daha yaxşı olar. Yalnız belə şəraitdə qadın normal sürücülük edə bilər.

– Azərbaycanda sürücü xanımlar, yeni başlamaq istəyənlər psixoloji dəstək almaq üçün müraciət edirlərmi?

-Bu bizdə geniş yayılmasa da, mənə müraciət edənlər olub. Xanımlar onları narahat edən digər məsələlərlə yanaşı, avtomobil idarə etmək üçün də özlərini əvvəlcədən hazırlamaq istəyiblər. Yaxud bir neçə dəfə olub ki, sürücü xanımlar qəzadan sonra sükan arxasına oturmaqdan qorxublar. Bu psixoloji baryerlərdən qurtulmaq üçün müraciət ediblər.

– Sürücü xanımlara son məsləhətiniz.

– Ümumiyyətlə, həyatda hansı addımı atırlarsa, ambisiyaya görə atmasınlar, öz xeyirlərini fikirləşərək iş görsünlər. Kiməsə, nəyisə sübut etmək üçün risk etməsinlər. Risk edəndə də düşünülmüş, savadlı şəkildə riskə getsinlər. Əgər avtomobil sürmək onların həyatını asanlaşdıracaqsa, qorxmasınlar. Əksinə, qorxuların üstünə gedib onlara qalib gəlsinlər. Çünki bu gün avtomobil sürməkdən imtina edən adam, sabah qarşısına çıxan daha böyük şansdan da asanlıqla imtina edə bilər.

Biz çalışdıq ki, xanımları narahat edən suallara peşəkar cavablar verək. Ümid edirik ki, hər bir xanım bu müsahibədən öz payına düşəni götürəcək və avtomobili ilə arasındakı problemlərin çoxunu həll edəcək.

İlahə Əkbər
Istinad:avtomobil.az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma