İlham Əliyev Dmitri Medvedevi Azərbaycana dəvət edib

Dövlət başçısı rusiyalı həmkarına Böyük Vətən müharibəsində Qələbə günü münasibətilə təbrik məktubu göndərib
Prezident İlham Əliyev Rusiya prezidenti Dmitri Medvedevə təbrik məktubu göndərib. Təbrikdə deyilir: “Sizi, ön və arxa cəbhə veteranlarını, dost Rusiya xalqını əlamətdar bayram – 1941-45-ci illərin Böyük Vətən müharibəsində Qələbə günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Azərbaycan və Rusiya xalqlarının dostluğu və möhkəm birliyi Hitler faşizminə qarşı mübarizənin sərt sınaqlarından şərəflə çıxmışdır. Onlar cəbhələrdə şücaət və qəhrəmanlığı, arxada əzmkarlıq və fədakar əməyi sayəsində Qələbənin qazanılmasına çox böyük töhfə vermişlər.

Əminəm ki, xalqlarımızın inkişafı naminə, sülh, sabitlik və tərəqqi naminə birgə səylərimiz bundan sonra da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluğun və mehriban qonşuluq münasibətlərinin, strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etməsi və möhkəmlənməsinin təmin olunmasına yönəldiləcəkdir.
Hörmətli Dmitri Anatolyeviç,
Rusiya Federasiyasının Prezidenti vəzifəsinə başlamağınızla əlaqədar ən səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar, bütün Rusiya xalqına sülh və əmin-amanlıq diləyirəm.
Fürsətdən istifadə edərək, Sizi münasib bildiyiniz vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm”.

Bir şərh yazın