«2003-2007-ci illərdə açılmış 643 min yeni iş yerinin 458 mini daimidir»

Arif Vəliyev: «2008-ci ilin üç ayı ərzində rüşvətlə bağlı cəmi bir cinayət hadisəsi qeydə alınıb»
– Ölkədə hər adambaşına düşən borcla bağlı müxtəlif rəqəmlər səslənir. Hazırda bizim xarici borcumuz nə qədərdir? Bu borc niyə azalmır? Mümkündürsə, son 3-4 ilin statistikasını müqayisə edərdiniz. Borc azalıb, yoxsa artıb?
– Xarici borcların qeydiyyatı Maliyyə Nazirliyi tərəfindən aparılır və Dövlət Statistika Komitəsində belə məlumat yoxdur.
– Qiymətlərin artması statistikada niyə tam olaraq əks olunmur? Azərbaycanda statistika çıxarma hansı prinsiplər əsasında həyata keçirilir? Bu statistika obyektiv olurmu?
– Qiymətlərin artmasının statistikada tam əks olunmaması barədə əlinizdə fakt varsa, qoyun ortaya. Yox, əgər bu Sizin fərziyənizdirsə, fərziyyə heç də həmişə düzgün olmur. İstehlak mallarının qiymətləri ölkənin bütün reqionlarında bu işi aparan qeydiyyatçılar tərəfindən qeydə alınır və inflyasiya hesablanır. İnflyasiyanın hesablanması olduqca mürəkkəb prosesdir, hər ay qiymət haqqında dörd yüz minə yaxın məlumat kompüterə daxil edilir və hesablanır. Bir sözlə, mən Sizin fikrinizlə razı deyiləm. İnflyasiyanın düzgün hesablandığını Beynəlxalq Valyuta Fondunun missiyası da təsdiq etdi, o sənədlə tanış ola bilərsiniz.
Yeri gəlmişkən qeyd edim ki, Avropa Komissiyası tərəfindən tərtib edilmiş “Komissiya heyyətinin iş sənədi: Azərbaycan üzrə Tərəqqi haqqında Hesabat” da yazılıb: «Dövlət Statistika Komitəsi yaxşı fəaliyyət göstərir, onun büdcəsi illik əsasda müntəzəm artırılır. 2007-ci ilin fevral ayında məvaciblər 25% artırılmışdır. Əməkdaşların çatışmamağı artıq problem deyildir».
– Son illər ərzində pozulmuş nigahların sayının artdığı bildirilir. Statistika bunu təsdiq edirmi? Ümumiyyətlə, Azərbaycanda hazırda nigah yaşı neçədir? Çünki boşanmalar əsasən erkən nigahlarla əlaqələndirilir?
– Son illər həqiqətən boşanmaların sayı bir qədər artıb. Belə ki, 2000-ci ildə onların sayı ümumilikdə ölkə üzrə 5,5 min olduğu halda, 2007-ci ildə 8,3 min təşkil etmiş və əhalinin hər 1000 nəfərinə hesabı ilə boşanma halları 0,7-dən 1,0-dək artıb.
Bununla belə, boşanmaların sayı ölkəmizdə çox da yüksək sayıla bilməz. Belə ki, MDB ölkələri arasında əhalinin hər 1000 nəfərinə hesabı ilə boşanmaların sayı Rusiyada – 4,5; Ukraynada – 3,8; Moldovada – 3,5; Belarusda – 3,3; Qazaxıstanda – 2,3; Qırğızıstanda isə 1,3 təşkil edib.
Hazırda Azərbaycanda nikaha daxil olanların orta yaşı kişilər arasında 28 yaş, qadınlar arasında isə 24 yaşdır.
Kişilər əsasən 35-39 yaşlarında (21 faizi), qadınlar isə 25-29 yaşlarında (20 faizi) boşanırlar.
Eyni zamanda, pozulmuş nigahların 32 faizinin davametmə müddəti 5 ilədək, 20 faizinin isə 5-9 ildir.
– 2007-ci ildə Azərbaycana nə qədər turist gəlib? Turistlər ən çox hansı ölkələrdən gəliblər? Azərbaycanda ümumiyyətlə nə qədər əcnəbi yaşayır. Əsasən hansı ölkənin vətəndaşları Azərbaycanda yaşayırlar?
– 2007-ci ildə Azərbaycana 2 milyon 933 min nəfər vətəndaş gəlib. Onların 1 milyon 600 min nəfəri ölkə, 1 milyon 333 min nəfəri xarici ölkə vətəndaşları olub. Azərbaycana Rusiya, Gürcüstan, İran, Türkiyə, Ukrayna, Birləşmiş Krallıq, Qazaxıstan, Amerika Birləşmiş Ştatları və Almaniyadan daha çox xarici ölkə vətəndaşları gəlib.
– Azərbaycanda nə vaxt dogru statistika aparılacaq. Baxın, adi mişar daşının qiyməti 40 qəpikdən 70 qəpiyə qalxıb. Bu, haradasa 80 faiz bahalaşmadır. Amma siz deyirsiniz ki, bahalaşma 16 faizdir. Bunun bir məntiqi açıqlaması varmı?
– Statistikanın qarşısında duran məqsəd və vəzifə xalqı aldatmaq deyil, ölkədə baş verən faktları qeydə almaqdan ibarətdir. Hər hansı bir göstəricinin hesablanması üçün Biz digər ölkələrin təcrübəsini öyrənir və beynəlxalq təcrübədə qəbul edilmiş metodologiyaya əsaslanaraq göstəriciləri hesablayırıq. Əgər hər bir kəs öz istəyinə uyğun olaraq hesablamalar aparsa, onda digər ölkələrlə müqayisə edilə biləcək göstəricilər əldə etmək qeyri-mümkün olar. Bu həm də inflyasiya göstəricisinə aiddir. İnflyasiyanın səviyyəsini hesablamaq üçün biz istehlak edilən mal və xidmətlərin respublikanın bütün regionları üzrə qiymət dəyişikliklərini müşahidə edirik. Bu zaman isə hər şey məhsulun orta istehlakçının xərcindəki xüsusi çəkisindən asılıdır. Bəli, mən sizinlə razıyam ki, mişar daşının qiyməti 40 qəpikdən 70 qəpiyə qədər, yəni 75 faiz artıb. Amma üzr istəyirəm, siz hər gün mişar daşı almırsınız ki. Yəni mişar daşı gündəlik istehlak edilən mal deyil. Ona görə də onun xüsusi çəkisi ümumi istehlak səbətinin xərclərində cüzidir və bu malın qiymətindəki artımın ümumi inflyasiya göstəricisinə də təsiri cüzi olur. Ümumi respublikanı götürsək siz mənimlə razılaşarsınız ki, hər bir vətəndaş bağ evi və yaxud ev tikmir. 16 faiz isə ayrıca hər hansı bir məhsulun deyil, respublikada istehlak edilən mal və xidmətlər dəstinin respublika üzrə ümumi qiymət dəyişikliyini xarakterizə edir. Bəli, bəzi məhsulların qiyməti çox dəyişir, bəzi məhsulların qiyməti isə aylarla sabit qalır, bəzi məhsulların qiyməti isə aşağı düşür. Bir daha təkrar edirəm ki, hər şey məhsulun əhalinin istehlakındakı xüsusi çəkisindən asılıdır. İnflyasiyaya istehlak səbətində daha böyük xüsusi çəkiyə malik çörək, kartof, ət, yağ və digər gündəlik istehlak olunan qida məhsullarının qiymət dəyişiklikləri daha çox təsir edir. Çünki onların xüsusi çəkisi daha böyükdür. Və əgər bu məhsulların qiymətləri 70-80 faiz dəyişərsə, bu ümumi inflyasiya göstəricisinə mütləq təsir edəcəkdir. Amma onu da qeyd edim ki, bəzi ərzaq məhsulları var ki, onların xüsusi çəkisi çox azdır. Məsələn, hazırda narın qiyməti keçən illə müqayisədə 2 dəfə bahadır. Lakin biz nə hər gün, nə də bütün il boyu nar yemirik. Buna görə onun qiymət artımı inflyasiya göstəricisinə demək olar ki təsir etmir. Bu cür misalları çox göstərmək olar. Gündəlik istehlak olunan ərzaq məhsullarına gəldikdə isə onların qiymətində elə böyük artımlar olmayıb. Sonda isə sizin “Azərbaycanda nə vaxt düzgün statistika aparılacaq” sualınıza qayıtmaq istəyirəm. Hər rüb Beynəlxalq Valyuta Fondunun mütəxəssisləri statistika idarəsində olurlar və bu günə qədər onlar tərəfindən bizim apardığımız hesablamalara dair heç bir irad deyilməyib. Fevral ayında isə BVF-nin qiymətləndirmə missiyası Statistika Komitəsində olmuşdur. Onlar inflyasiyanın hesablanma metodologiyasını qiymətlərin qeydiyyatı prosesindən yekun nəticələrin alınmasına qədər bütünlüklə nəzərdən keçirmişlər. Yekun nəticə inflyasiyanın hesablanmasının bütün mərhələləri üzrə müsbət olmuşdur.
– Bu yaxınlarda «Turan» agentliyi belə bir araşdırma aparmışdı ki, Nazirlər Kabinetinin 23.06.2005-ci il tarixli 118 saylı qərarı ilə təsdiq edilmiş minimum istehlak səbətinə görə Azərbaycan əhalisinin şəkərə olan minimum illik tələbatı 145 min ton təşkil edir. 2007-ci ildə ölkədə 136,4 min ton şəkər istehsal edilib ki, bu da əvvəlki ilkindən 28,9% çoxdur. 1,5 milyon dollar məbləğində cəmi 3,8 min ton şəkər isə idxal edilib. Daxili bazarda ümumilikdə 140,2 min ton şəkər cəmləşib. Bu həcm ölkə əhalisini hətta təlabatın minimum səviyyəsi ilə təmin etmək üçün kifayət deyil. Amma əsas olan bu deyil. Şəkər xammalının istehsalı, idxalı və emalı haqqında rəsmi informasiya belə bir nəticəyə gəlməyə əsas verir ki, 150 min ton şəkər qeyri-qanuni olaraq satılır və idxal edilir. Belə ki, keçən il Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, Azərbaycanda 136,4 min ton şəkər istehsal olunduğu halda, ölkədən 291,4 min ton şəkər ixrac edilib (təxminən $150 milyonluq). DGK-nın məlumatına əsasən, 2007-ci il ərzində Braziliyadan Azərbaycana 317,2 min ton şəkər qamışından alınan xam şəkər ($103,8 milyonluq), Türkiyə, İran və Ukraynadan 546,5 ton şəkər çuğundurundan alınan xam şəkər ($345 min ) idxal olunub. Qeyd edək ki, bir ton şəkər xammalından 960 kq şəkər tozu alınır. Yəni 317,2 min ton xammaldan 313,9 min ton şəkə istehsal etmək olardı. Dövlət Statistika Komitəsi isə 18 min ton yerli xammaldan istehsal da daxil olmaqla, cəmi 136,4 min ton şəkər istehsal edildiyini bildirir (DSK-nın hesabatına görə, keçən il Azərbaycanda 139 min ton şəkər çuğunduru yığılıb, ondan maksimum 18 min ton şəkər “çıxarmaq” olardı). Нəzərə alsaq ki, emal müvafiq xərclər və zəhmət tələb edir, onda aydın olur ki, xammal idxal etmək sərf etmir. Və daha bir məsələ, əgər xammalın yarısı emala gedibsə, 317,2 min ton xammal idxal etmək nəyə lazım idi? Xahiş ediram bu araşdırmaya münasibət bildirəsiniz.Burdan belə çıxmırmı ki,istehsal olunan şəkərin asas hissəsi uçota alınmır və bu da öz növbəsində büdcədən xeyli pulun yayındırılması deməkdir?
– Qeyd olunan məsələ Dövlət Statistika Komitəsinin də diqqətini cəlb etmiş, məlumatların bir daha yoxlanması məqsədilə cari ilin mart ayında tərəfimizdən müvafiq araşdırmaların aparılması məqsədilə müəssisələrə məktubla müraciət olunmuşdur. Rəsmi olaraq ətraflı məlumatlar toplandıqdan sonra verilmiş statistik məlumatlar ya bir daha təsdiq olunacaq, yaxud məlumatlara düzəliş olunduqda hesabat məlumatlarını səhv təqdim etmiş müəssisələrə qarşı müvafiq inzibati tədbir görüləcəkdir.
– Bir-birini təkrarlayan çoxsaylı statistik hesabatlar nə üçün təkmilləşdirilmir?
– Xahiş edirəm, əgər bir-birini təkrarlayan hesabatlara rast gəlinirsə, mümkünsə konkret olaraq onların adlarını qeyd edəsiniz. Bununla belə qeyd etmək istərdim ki, beynəlxalq tövsiyələr, ölkədə həyata keçirilən islahatlar və respodentlərə düşən hesabat yükünün azaldılması prinsipi nəzərə alınmaqla, rəsmi statistika hesabatlarına hər il yenidən baxılır və hesabatlarda olan göstəricilər müzakirə edilir, təkrarlığa yol verməmək və aktuallığını itirmiş göstəricilər hesabatlardan çıxarılır və ya hesabat tam ləğv edilir. Həmçinin hesabatlara yeni göstəricilər əlavə edilir və ehtiyac yarandıqda yeni hesabatlar təsdiq edilir. Bu da zərurətdən irəli gəlir, beləki ölkə iqtisadiyyatının inkişaf etdiyi, özəl sektorların yaranması və rəsmi statistikanın beynəlxalq səviyyəyə çatdırılması yeni məlumatların yığılmasını tələb edir.
Hesabatlar üzərində aparılan işlər son dəfə 2007-ci il də olmuşdur ki, bu zaman 8 yeni rəsmi statistika hesabatı forması təsdiq edilmiş, 10 hesabat forması ləğv edilmiş və 64 hesabat formasının göstəricilərində dəyişikliklər edilmişdir. 2008-ci il yanvar ayının 1-i vəziyyətinə rəsmi statistika hesabatlarının sayı 297, onlardakı göstəricilərin sayı 109416 olmuşdur. Sahibkarlara düşən statistik yükün azaldılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində, hesabatların sayı 2 ədəd, onlarda olan göstəricilərin sayı 1,4 min vahid azalıb.
– Zəhmət olmasa Azərbaycanda inflyasiyanın hesablanması qaydasını açıqlayardınız. İnflyasiya hesablanarkən onun tərkibində neçə adda məhsul və xidmət nəzərə alınır və bunun neçəsi ərzaq məhsullarıdır?
– İnflyasiya indeksi Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı və digər beynəlxalq təşkilatlarla ilə birgə işlənmiş metodologiyaya əsasən hesablanılır və 1995-ci ildən başlayaraq Azərbaycanda tətbiq edilir. Bu göstərici hazırda bütün beynəlxalq standartlara cavab verir. İnflyasiyanı hesablamaq üçün respublikanın hər bir regionundan 569 adda mal və xidmətlərin qiymətləri barədə məlumat toplanılır. Bunlardan 148-i ərzaq məhsulları, 305-i qeyri-ərzaq malları, 116-sı isə xidmətlərdir. Bu mal və xidmətlərin hamısı eyni qaydada istehlak edilmir. Bəziləri az, bəziləri isə daha çox istehlak edilir. Bu səbəbdən onlar əhalinin ümumi istehlak xərclərindəki payına görə çəkiləşdirilir. Bundan sonra hesabat ayının çəkiləşdirilmiş orta qiymətləri bazis ayının çəkiləşdirilmiş orta qiymətinə bölünərək inflyasiya indeksi hesablanılır.
– İqtisadi Tədqiqatlar Mərkəzinin araşdırmalarına görə, 2003-cü ildə Azərbaycanda 3 milyon 747 min məşğul əhali qeydə alınıb. 2007-ci ildə bu rəqəm təxminən 4 milyon ətrafındadır. Necə olur ki, 643 min iş yeri açılıb, ancaq məşğul əhali cəmisi 250 min nəfər artıb. Bəs yerdə qalan 400 min məşğul niyə statistikada qeyd edilməyib? Bundan əlavə, 4 il ərzində 643 min yeni iş yeri açıldığı halda, sığorta ödəyicilərinin sayı təxminən 200 min nəfər artıb. Xahis edirəm, bu uyğunsuzluğa münasibət bildirəsiniz.
-2003-2007-ci illərdə açılmış 643.0 min yeni iş yerlərinin 458.0 minı daimi iş yerindən ibarətdir. Əgər 2003-cü ildə işləməyənlərin sayı iqtisadi fəal əhalinin 10.7 faizini təşkil edirdisə 2007-ci ildə yalnız 6 faizdən bir qədər çox olmuşdur. İşləməyənlərin sayının azalması məhz yeni açılmlş iş yerlərinin açılması sayəsində baş vermişdir.
– Sirr deyilsə, Arif Vəliyevin aylıq gəliri nə qədərdir və bu ona yetirmi?
– Dövlət qulluğunda tutduğum vəzifəyə görə aldığım məvacib mən və ailəm üçün yetərlidir.
– Dövlət Statistika Komitasi statistik hesabatların düzgün tərtib olunmasına necə nəzarət edir və necə zəmanət verilə bilər ki, müəssisə statistik məlumatı düzgün təqdim edib?
– Statistik hesabatların müəssisələr (təşkilatlar) tərəfindən düzgün tərtib olunmasına gəldikdə isə, yığılan hesabatların məlumatları statistika işçiləri tərəfindən nəzərdən keçirilir, məlumatlar kompüterə daxil edilərkən proqram təminatı vasitəsilə məntiq cəhətdən yoxlanılır, məlumatlar əvvəlki dövrlərlə müqayisə edilir və s. Əgər hər hansı məlumatın düzgünlüyü şübhə doğurursa, hesabatı tərtib edənlərlə bir daha dəqiqləşdirilir.
– Məlumdur ki, son beş ildə işçilərlə müqavilə bağlanılması istiqamətində işlər görülür. Tutaq ki, inzibati təsirlə müqaviləsiz işləyən 1000 işçı ilə müqavilə bağlanır. Bunun yeni iş yeri kimi qeydə alınması işsizliyin azalmasının süni surətdə şişirdilməsi demək deyilmi? Bu iş yerləri onsuz da əvvəllər də mövcud olub.
– Müqavilə bağlanıb bağlanmamasından asılı olmayaraq onlar məşğul əhali sayılır.
– Demək olarmı ki, bir milyon qaçqını olan bir ölkədə inflyasiyanin hesablanmasında 99 faiz əsas ərzaq məhsullarıdır və bu, inflyasiyanın azı 50 faiz olmasını deməyə əsas verirmi? İnflyasiyanın hesablanmasında ərzaqdan başqa nəzərə alınan xidmətlərdən Azərbaycan əhalisinin neçə faizinin istifadə etməsini demək mümkündürmü?
– İnflyasiya indeksi hər bir vətəndaşa görə deyil, orta istehlakçıya görə hesablanır. Hətta ölkədə 1 milyon qaçqın olmasına baxmayaraq yerdə qalan 7 milyon vətəndaşı da nəzərə almaq lazımdır. Təbii ki, istehlak səbətinin 99 faizini ərzaq məhsulları təşkil edə bilməz. Çünki, ərzaqdan əlavə biz paltar, ayaqqabı, digər məişət malları əldə edir və kommunal xidmətlərdən həmçinin digər pullu xidmətlərdən istifadə edirik. Onu deyə bilərəm ki, son vaxtlar dünya ölkələrində xidmətlərin istehlak səbətindəki xüsusi çəkisinin artması prosesi bizim ölkədə də baş verir. Hətta daha az inkişaf etmiş Afrika ölkələrində belə ərzaq məhsullarının xüsusi çəkisi istehlak səbətinin 99 faizini əks etdirmir.
– Əhalinin gəlirlərini şkala üzrə bölsək, Azərbaycanda Lorens əyrisi üzrə neçə faiz əhalinin payina gəlirlərin hansı hissəsi düşür. Bunu əyani izah edə bilərsinizmi? Lorens əyrisi üzrə Korrado Cinni əmsalı nə qədərdir. Bu rəsmən hesablanmasa da təqribən deyə bilərsinizmi?
– 2002-ci ildə əhalinin 10 faiz yüksək qrupunun (10-cu desil) gəlir paylarının 10 faiz ən aşağı qrupuna (1-ci desil) nisbəti 3.5 dəfə olmuşdur. 2007-ci ildə isə bu göstərici əhəmiyyətli dərəcədə azalaraq 2.7 dəfə olmuş və təbəqələşmə xeyli azalmışdır.
Əhalinin gəlirlərinin bərabər paylandığı halda Cini əmsalı sıfıra bərabər olur, əks halda Cini əmsalı 1-ə qədər arta bilir. Lorens əyrisi bütün gəlirlərin cəmindən məcmu gəlirlərə paylanmanı əks etdirir. Gəlirlərin tam bərabər paylanması diaqonal üzrə düz xətt verir. Gəlirlərin qeyri-bərabər paylanması zamanı bu əyri əhəmiyyətli dərəcədə sağa əyilir.
Gəlirlərin paylanmasındakı qeyri-bərabərliyi səciyyələndirən Cini əmsalı 2002-ci ildəki 0.382-dən 2007-ci ildə 0.271-ə enmiş və gəlirlərin paylanmasının bərabərliyı artmışdır.
– Azərbaycan qeyri-rəsmi iqtisadiyyatın neçə faiz olmasını hesablamaq mümkündürmü? Məsələn, tikilən minlərlə villanın mənbəyini deyə bilərsinizmi? Əgər bunlar rəsmidisə, bu kateqoriya insanların gəlirinin əhalinin gəlirindəki payını deyə bilərsinizmi? Xahiş edirəm, 2007-ci ildə tikilən villaların dəyəri ilə əhalinin pul gəlirinin artımını müqayisə edəsiniz.
– Müşahidə olunmayan iqtisadiyyatın həcmi hesablanır və 2007-ci ildə isə 13.4 faiz təşkil etmişdir.
– DSK-da idman, xüsusilə Azərbaycan futbolu üzrə statistika aparılırmı?
– Dövlət Statistika Komitəsi tərəfindən idman statistikasına dair məlumatlar hər il toplanılır və təhlil olunur. Həmin statistik məlumatlara ölkə əhalisinə xidmət göstərən idman saraylarının, olimpiya komplekslərinin, idman qurğularının, bədən tərbiyəsi-sağlamlıq mərkəzlərinin sayı, eləcə də bədən tərbiyəsi və idmanla məşğul olanların sayı barədə məlumatlar daxildir. Statistika göstərir ki, dövlət tərəfindən idmana artan qayğı nəticəsində ölkədə idman sürətlə inkişaf edir və əhalinin idmana olan marağı ilbəil artır.
Futbol statistikasına gəldikdə isə, statistik məlumatlara əsasən, ölkədə bu idman növü ilə məşğul olanların sayı da artmaqdadır. 2007-ci ildə futbol seksiyalarında məşğul olanların sayı 93.8 min nəfərə çatmış və bütün növ idman seksiyalarında məşğul olanların 23 faizini təşkil etmişdir.
– Xaricdə oxuyan azərbaycanlı tələbələrin və ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayı nə qədərdir? Bu sahədə ən çox artım hansındadır-yəni bizim ölkədə oxumaq istəyənlərin sayı artıb, yoxsa elm axtarmaq üçün xaricə gedənlərin?
– Cari tədris ilinin əvvəlinə xarici ölkələrdə yalnız dövlət xətti ilə təhsil alan tələbələrin sayı 1256 nəfər olmuş və son 5 il ərzində təxminən 60 faizə qədər artmışdır. Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı isə 5464 nəfər təşkil edir və onların sayı 2,8 dəfə artmışdır.
– Apardığınız statistikalara görə, Azərbaycanda hazırda neçə nəfər “kimsəsiz” var? Bunlardan neçəsi uşaq, neçəsini isə yaşlı insanları təşkil edir?
– Cari tədris ilinin əvvəlinə xarici ölkələrdə yalnız dövlət xətti ilə təhsil alan tələbələrin sayı 1256 nəfər olmuş və son 5 il ərzində təxminən 60 faizə qədər artmışdır. Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı isə 5464 nəfər təşkil edir və onların sayı 2,8 dəfə artmışdır.
O ki qaldı “kimsəsizlər” haqqında statistikaya, Dövlət Statistika Komitəsi onların ümumi sayı barədə məlumatlara malik deyil. Bununla belə, ayrı-ayrı kateqoriyalardan olan belə şəxslər haqqında məlumatlar toplanılır və təhlil olunur. Belə ki, 2008-ci ilin əvvəlinə ölkədə 11.4 min nəfər 70 yaşından yuxarı tənha ahıl pensiyaçı qeydiyyatda olmuşdur. Həmçinin, ötən il sosial xidmət şöbələrinin işçiləri tərəfindən kənar şəxslərin qulluğuna ehtiyacı olan 15 min tənha ahıla evdə yardım göstərilmişdir.
Eyni zamanda, 2008-ci ilin əvvəlinə ölkədə fəaliyyət göstərən internat müəssisələrində yetim və valideyn himayəsindən məhrum olan 1807 uşaq tərbiyə alır.
– Hesablamalara görə, Azərbaycanın ən varlı ili hansı il olub? Söhbət ölkədə maddi vəziyyətin xalqın ehtiyaclarını tam təmin etməsindəm gedir.
– Müstəqillik illərində 2007-ci ili uğurlu il kimi göstərmək olar. Həmin ildə əhalinin gəlirlərinin 40.3 faiz, adambaşına düşən gəlirlərin 38.6 faiz, əmək haqqının isə 42.0 faiz artması buna əyani sübutdur. 2007-ci ildə adambaşına 3168.5 manat və ya 3692.4 ABŞ dolları ÜDM istehsal olunmuşdur.
– SSRİ dövründə neft maşınqayırma məhsullarının 70%-i Bakıda istehsal edilirdi. Sizcə bu rəqəm indi neçə faiz təşkil edir? SSRİ-ni yaratmaq üçün bolşeviklər ağır sənayeni və maşınqayırmanı sürətlə inkişaf etdirdilər. U.Çörçilin dediyinə görə, onlar bel və yaba ilə hakimiyyətə gəldilər. 25 ilin ərzində dünyanın ən müasir silahlarını və maşınqayrıma sənayesi məhsullarını istehsal etdilər. 15 ildə biz nəyə nail olmuşuq?
– Ölkəmizin neft sektorunda qabaqcıl transmilli şirkətlərin fəaliyyəti və onların neft hasilatı sahəsində dünya standartlarına, o cümlədən APİ (Amerika Neft İnstitutu) texnologiyalarına əsaslanan iş prosesində əvvəllər neft-qaz sənayesində istifadə olunan neft maşınqayırması məhsullarının tətbiqi mümkün deyil. Yəni, müasir dövrün tələbini keçmiş SSRİ-dən qalmış maşınqayırma sənayesinin məhsulları ödəyə bilməzdi. Bu baxımdan ölkədə SSRİ dövründə əvvəllər mövcud olmuş neft maşınqayırması sənayesinin özünün əvvəlki mövqeyini itirməsi labüd bir proses olmuşdur. Nəticədə, neft maşınqayırması məhsulları üzrə qeyd etdiyiniz şəkildə müqayisələrin aparılmasına ehtiyac yaranmadığına görə belə müqayisələr hazırda aparılmır.
Dünyanın inkişaf etmiş ölkələrində hazırda daha çox ağır sənayeyə yox, elm tutumlu maşınqayırma məhsullarının istehsalına üstünlük verilər. Bu baxımdan, həmin istiqamətdə ölkəmizin maşınqayırma sənayesinin inkişafına son illər diqqət artırılmış və təsadüfi deyil ki, bu sahə qeyri-neft sektorunu təmsil edən müəssisələr arasında 2007-ci ildə daha sürətlə irəliləyən sahələrdəndir. İl ərzində 8.8 min ədəd plazma tipli televizor, 886 ədəd minik avtomobili, 11.6 min ədəddən çox kompüter, 59 ədəd yük avtomobili, 420 ədəd traktor və s. istehsal olunmuşdur.
– Son 5 ildə maşınqayırmanın və maşınqayırma sənayesi məhsullarının ixracat tendensiyası hansı rəqəmlərlə ifadə edilə bilər?
– Qeyd olunduğu kimi, maşınqayırma sənayesinin inkişafına son bir neçə ildə daha çox diqqət yetirildiyinə görə növbəti illər üzrə müsbət ixracat tendensiyasını görmək mümkün olacaqdır. Belə ki, maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar və apparaturaların ixracı son 5 ildə 46.2 faiz artmışdır.
– Əgər maşınqayırma sənayesində də tam inhisarçılıq hökm sürərsə, nə baş verər?
– İnhisarçılıq bütün sahələrə mənfi təsir edən amildir. Eyni zamanda təbii inhisarçılar da mövcüddur və onların fəaliyyətini dövlət tənzimləyir.
– Yeni nümunəli müasir sənaye məhsullarının layihələndirilməsi üçün elmi tədqiqat institutlarına verilən sifarişlərin ümumi məbləği 2007-ci ildə nə qədər olub?
– Ölkədə yeni məhsulların buraxılışı üçün istehsal layihələndirilməsi də daxil olmaqla, 2006-cı ildə sənaye müəssisələri tərəfindən texnoloji innovasiyalara 8.2 milyon manat həcmində vəsait xərclənmişdir.
– Bu ilin 4 ayı ərzində ölkədə neçə cinayət hadisəsi qeydə alınıb? Bu cinayət hadisələrində hansı növ hadisələr çoxluq təşkil edilib? Korrupsiya cinayəti neçə faiz təşkil edir?
– Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2008-ci ilin yanvar-mart aylarında ölkədə 4827 cinayət hadisəsi qeydə alınmışdır ki, onların da arasında oğurluq – 14 faiz, dələduzluq – 8 faiz, yol hərəkətinin təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması – 7 faiz və xuluqanlıq – 5 faiz cinayətləri çoxluq təşkil etmişdir.
Rüşvətlə bağlı isə Daxili İşlər Nazirliyinin orqanları tərəfindən cari ilin I rübündə cəmi bir cinayət hadisəsi qeydə alınmışdır.
– Azərbaycanı tərk edən miqrantların sayı azalır, ya artır? Zəhmət olmasa son bir neçə ildə ölkəni tərk edən miqrantlarla bağlı təxmini statistikanı tərtib edəsiniz. Dünyada yaşayan azərbaycanlıların statistikası varmı? Sizcə 50-60 milyon arasında səslənən kosmik rəqəmlər nə dərəcədə realdır?
– Son illər ölkəni tərk edən miqrantların sayı xeyli azalmışdır. Belə ki, 10 il əvvəl Daxili İşlər Nazirliyinin pasport xidmətləri tərəfindən Azərbaycandan daimi yaşamaq üçün başqa ölkələrə 10.5 min nəfər gedən qeydə alındığı halda, 5 il əvvəl bu rəqəm 4.3 min, ötən il isə 3.1 min nəfər olmuşdur./ANSPRESS/NexTAz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma